Xəbərlər

Bu günə qədər 300-ə yaxın kənddə səyyar gübrə satışı həyata keçirilib

Cəbhədə qızğın döyüşlər getsə də, sahələrimizdə iş öz axarında getməlidir. Hazırda payzılıq əkin işləri aparılır. Bu məqsədlə fermerləin toxuma, gübrəyə tələbatı yüksəkdir və bu tələbatı tez bir zamanda qarşılamaq üçün “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti istər təmas xəttinə yaxın rayonlarda istərsə də, şimal rayonlarında ölkənin dörd bir istiqamətində mineral gübrələrin səyyar satış xidmətini təşkil edir. Sentyabr ayından “Aqroservis” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə başlayan səyyar satışlarda payızlıq əkin mövsümü ilə əlaqədar olaraq, fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin satışı həyata keçirilir. Əlavə olaraq digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə fermer həmin gübrələrlə də təmin edilir.

Bu günə qədər davam edən səyyar satışdan 300-ə yaxın kənd üzrə ümumilikdə 1523 vətəndaş yararlanıb. Daxil olan müraciətlərə əsasən hər gün 4 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmət göstərilir. Səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əlaqədar olaraq şənbə günləri daxil olmaqla fermerlərin mineral gübrəyə olan tələbatının ödənilməsi üçün fəaliyyət göstərirlər. Bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər. 

Fermerlər səyyar satış təşkil edən “Aqroservis” ASC-nin əməkdaşlarına yaxınlaşaraq yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə, güzəştli şərtlərlə mineral gübrə əldə bilirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70%  hissəsi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyəri “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir. Ödəniş pos-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə, uzaq məsafə qət etmədən yerinə yetirilir.

Qeyd edək ki, “Aqroservis” ASC məkan və zaman anlayışlarını aşaraq fermerlərimizin və vətəndaşlarımızın yanında olmağı və onlara səyyar xidmət etməyi üstün tutub. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilər.

05.10.2020

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC